Volkan Demirelin Azərbaycan millisinin üzvləri ilə bağlı planı

5
Yan
2024
19:07

Azərbaycan millisinin üzvü Renat Dadaşovun karyerasını "Hatayspor"da davam etdirdiyini bilirsiz.

 Forvard Super Liqada bu mövsüm 12 oyunda 4 qol da vurub. Aşağı-yuxarı bu göstərici Renat üçün yaxşıdır. Demək olar ki, azərbaycanlı hücumçu baş məşqçi Volkan Demirelin gözünə girib. 24 yaşlı oyunçudan müsbət siqnallar alan mütəxəssis millimizin digər üzvünə də göz dikib. Söhbət Mahir Emrelidən gedir. Volkan Demirelin istəyi ilə "Hatayspor" rəhbərliyi "Dinamo" ilə danışıqlara başlayıb. Düzdür, dünən futbolçunun anası Elnurə Emreli oğlunun yayılan məlumatı yalanladı. Lakin məsələ başqadır. Bir qədər öncə söylədiyimiz kimi, danışıqda Mahir iştirak etmir. Klublar öz aralarında razılaşaraq keçidi həll etmək istəyir. 

Volkan Demirelin Azərbayca millisinin üzvünü transfer etməkdə məqsədi var. Bildiyiniz kimi, Türkiyə Super Liqasında çıxış edən türk dövlətlərindən olan bir futbolçu yerli statusu daşıyır. 42 yaşlı mütəxəssis bu məqamdan istifadə etmək istəyir. Həm Renat, həm də Mahir hücumun bütün nöqtələrində çıxış edə bilir. Gənc məşqçi bu futbolçulara bir-birinin əvəzləyicisi kimi baxır. Hataydakı məlum zəlzələdən sonra klubun büdcəsində də problemlər yaranıb. Əyalət təmsilçisi böyük büdcəli transferlər edə bilmir. Volkan Demirel də həm yerli status, həm də maliyyə məsələsini əsas gətirərək Mahir Emrelinin icarə əsasında olsa belə, transfer edilməsini rəhbərlikdən tələb edib.