Dünya azərbaycanlılarının birliyi

5
Yan
2024
10:12

 

Dünya azərbaycanlılarının həmrəyliyi gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid rəmzidir. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var, Azərbaycan Respublikası.

Prezident İlham Əliyevin 31 dekabr 2023-cü il tarixində Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibəti ilə xalqa müraciət etdi. Onun müraciətində qələbənin əldə olunmasında ölkə başçısı və onun rəhbərliyi ilə xalqımızın birliyinin, əzmkarlığının ifadəsini gördük.

Dövlətimizin başçısı bildirdi ki, 2023-cü ilin ən önəmli hadisəsi Dövlət suverenliyimizin tam bərpası olmuşdur. Bu mühüm hadisə Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır. Belə ki, 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmişdir, işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin edilmişdir, düşmən ordusu məhv edilmiş, düşmənin hərbi texnikası məhv edilmiş və ya qənimət kimi götürülmüşdür.

İlham Əliyev öz çıxışında qeyd etdiyi kimi, dəfələrlə Ermənistan rəhbərliyinə və onun arxasında dayanmış Qərb ölkələrinə xəbərdarlıq etmişdir. Seperatçı rejimin buraxılmasını tələb edən cənab prezident onların qarşısında iki şərt qoymuşdur: ya Ermənistan ordusu ərazimizdən çıxarılmalıdır, ya da biz güc tətbiq etməklə dövlət suverenliyimizi özümüz bərpa edəcəyik. Bəli, məhz cənab prezidentin düzgün siyasəti nəticəsində Azərbaycanda separatizmin kökü kəsildi. Sentyabrın 19-da başlanmış və cəmi bir gün, ondan da az davam edən antiterror əməliyyatı Azərbaycan ordusunun tam zəfəri, qələbəsi ilə nəticələndi.

Azərbaycan Ordusu peşəkarlıq, qəhrəmanlıq, əsgər və zabitlərimiz fədakarlıq göstərmişlər. Həm Birinci, həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı zamanı şəhid olmuş əsgər, zabitlərimizin, mülki şəxslərin, Xocalı qurbanlarının qisası döyüş meydanında alınmışdır.

Cənab Prezidentin də qeyd etdiyi kimi bu hər bir Azərbaycan vətəndaşının qürurla xatırlayacağı bir hadisədir və qalib xalq olaraq mənfur düşmən üzərində, eləcə də onların havadarları üzərində qəti qələbəmiz deməkdir.

Bu gün hər bir Azərbaycan vətəndaşı, dünyada yaşayan hər bir azərbaycanlı haqlı olaraq qürur hissi keçirir. 2023-cü ilin aprel ayında ərazi bütövlüyümüzü tam bərpa etmişdik. Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsi qurulmuş və o gündən bəri Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilmişdir.

Azərbaycançılıq ideologiyası ətrafında birləşən hər bir soydaşımız harada yaşamasından asılı olmayaraq doğma Azərbaycanın inkişafına, Vətənimizin dünya birliyində layiqli yer tutmasına və tanınmasına, mədəniyyətimizin təbliğinə, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə obyektiv şəkildə çatdırılmasına töhfə verməyi özünə mənəvi borc bilir.

Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanıdır. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır.

Milli həmrəyliyin uğurlu gələcəyini təmin etmiş tarixi qərar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında qəbul edilib.

Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur. Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndər xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə rəğmən həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi.

Ulu Öndər Heydər Əliyevin: “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” - sözləri hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilmişdir.

Həmrəylik günü bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş diaspor nümayəndələri də qeyd edirlər.Həmrəylik günü Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir.

Dünya azərbaycanlılarının təşkilatlanmasında Azərbaycan Diasporuna Dəstək Fondu əhəmiyyətli təsisatdır. Azərbaycan Diasporuna Dəstək Fondu Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək, milli-mənəvi dəyərlərimizi inkişaf etdirmək və dünyada daha geniş tanıtmaq, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək və bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2018-ci 6 iyul tarixli Fərmanı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu yaradıldı. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2019-cu ildə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təsis edilmişdir.

Azərbaycan vətəndaşları yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər. Vətən müharibəsi Azərbaycan xalqının birliyini, hər zaman Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha nümayiş etdirdi.

Cənab Prezident İlham Əliyevin xalqa müraciətində qeyd etdiyi kimi, Azərbaycanın beynəlxalq nüfuzu gündən-günə artır. Dekabr ayında dünyanın ən böyük beynəlxalq konfransı olan COP29-un Azərbaycanda keçirilməsi haqqında bütün dünya ölkələri yekdil qərar qəbul etmişlər. Bu qərar ölkəmizə beynəlxalq aləmdə olan hörmətin günbəgün artdığını təsdiq edir və biz birmənalı olaraq qeyd etməliyik ki, Azərbaycan bu hörməti və nüfuzu ilk növbədə cənab Prezident İlham Əliyevin gördüyü mühüm işlər, uğurlu müstəqil xarici siyasət sayəsində qazana bilmişdir. Əminliklə demək olar ki, ölkəmizin uğur və nailiyyətləri 2024-cü ildə də yüksək dinamika ilə davam edəcək, dövlətimizin beynəlxalq nüfuzu getdikcə daha da qalxacaq və Azərbaycan dünya birliyində layiq olduğu ən yüksək mövqelərə sahib olacaqdır.

Tarixi ədalətə və beynəlxalq hüquqa söykənən siyasətimiz Azərbaycan tarixinin zəfər səhifələrini zənginləşdirir. Əminliklə deyə bilərik ki, 2024-cü ildə ölkəmizi möhtəşəm uğurlar gözləyir.


Mehriban İsrafilova
Xətai rayon İcra Hakimiyyəti-baş məsləhətçi