Türkiyə Superkuboku matçının təşkilatçılarından olan Riyad Seson ötən gün Səudiyyə Ərəbistanında keçirilməli olan “Qalatasaray” - “Fənərbaxça” matçının təxirə salınmasından danışıb.
“Qafqazinfo” xəbər verir ki, R.Seson baş verənlərlə bağlı deyib: “Matçın kənar şüarlar olmadan beynəlxalq futbol qaydalarına uyğun olaraq vaxtında keçirilməsini səbirsizliklə gözləyirdik. Stadionda və tribunalarda Türkiyə Respublikasının dövlət himninin səsləndirilməsi, Türkiyə bayraqlarının nümayişi ilə bağlı razılığa gəlmişdik. Bu razılaşmaya baxmayaraq, iki komandanın bunlara əməl etməməsi bizi təəssüfləndirdi. Bu da matçın keçirilməməsinə səbəb oldu”.
Qeyd edək ki, ötən gün komandalar oyundan əvvəl meydana Mustafa Kamal Atatürkün şəkli olan köynəklərlə çıxmağı planlaşdırıblar. Lakin yerli hökumət buna qarşı olub. Klublar bu qadağanın olacağı halda meydana çıxmayacaqlarını bildiriblər və oyun üçün stadiona getməyiblər. Daha sonra isə klublara matçın keçirilməyəcəyi bildirilib.