Ölkədə referendum olacağı, qanunvericiliyə dəyişikliklər ediləcəyi, iki sistemli deputat seçkiləri keçiriləcəyi, hətta mandat sayının artırılacağı kimi ehtimallar irəli sürülüb. Eyni zamanda prezident seçkisindən sonra idarəetmənin fəlsəfəsində dəyişikliklər, kadr və struktur yenilikləri ediləcəyi gözlənilir. Lakin yarıparlamentli respublika üsul-idarəçiliyi nə dərəcədə mümkündür? Hakimiyyət buna niyə hansı zərurətdən getsin ki? O halda prezidentin səlahiyyətlərinin azalması, yaxud parlamentin rolunun artması idarəçilikdə yeni problemlər yaratmazmı?
Prezidentliyə namizədliyini irəli sürmüş Fuad Əliyev də referendum və Milli Məclis seçkilərinin erkən olmasını istisna etmir. Bununla belə, onun fikrincə, yarımparlamentli idarəetmə real görünmür:
“O zaman baş nazirin səlahiyyətləri, spikerin funksiyaları dəyişəcək. Belə bir modelin olacağını təsəvvür etmirəm. Əksinə, Azərbaycanda prezident idarəçiliyi möhkəmlənir. Zənnimcə, fikri səsləndirməkdə müəyyən tələskənliyə yol verilib. Amma parlamentə seçkilərdə proporsional sistemin tətbiqi istisna edilmir. Halbuki bu haqda Mərkəzi Seçki Komissiyasının sədri hər hansı ipucu belə verməyib, amma bəzən siyasətçilərdən çağırışlar eşitmək mümkündür. Sadəcə, biz iqtidarın nə proqnozlaşdırdığını tam olaraq təxmin edə bilmərik. Onu deyə bilərəm ki, hər iki sistemlə deputat seçkiləri keçirmək yaxşıdır. Hər halda, 7 fevraldan sonra bir sıra dəyişikliklərə şahid olacağıq”.
(Yeni Müsavat)