Bu il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı seçicilərlə görüş yerləri də müəyyənləşib. Mərkəzi Seçki Komissiyasından bildirilib ki, bələdiyyə seçkilərində qeydə alınmış namizədlərin, namizədləri qeydə alınmış siyasi partiyaların seçicilərlə görüşlərinin keçirilməsi üçün 3 min 730-u açıq, 2 min 182-si qapalı olmaqla, ümumilikdə 5 min 912 yerin ayrıldığı bildirilib.
Müstəqil Həmkarlar Birliyinin sədr müavini Əhməd Rəhmanov Azreform.info-ya bildirib ki, 50-ə yaxın bələdiyyədə Birliyinin üzvləri namizədliklərini irəli sürüb:
“Mövcud qanuna görə Müstəqil Həmkarlar Birliyi olaraq seçkilərdə iştirak edə bilməz. Buna görə də üzvlərimiz sərbəst şəkildə seçkilərə qatılıblar. Məndə olan məlumata görə, artıq 50-ə yaxın bəədiyyədə Birliyinin üzvlərin namizədlikləri fərdi qaydada qeydiyyata alınıb. Seçkilərə qatılan namizədlərin özləri də həmin dairələrdə tanınmış şəxslərdir. Bu seçkidə də qələbə qazanmaq üçün kifayət qədər şansları olan namizədlərimiz var. Məsələn, Müstəqil Həmkarlar Birliyinin Lənkəran rayon təşkilatın üzvü Ilham Əsədov seçkilərə qatılıb. Artıq onun məntəqələrdə olacaq nümayəndələrin siyahısı Dairə Seçki Komissiyasına təqdim olunub. İlham Əsədovun qələbə qazanacağına şübhəmiz yoxdur. Digər namizədlərin də qələbə şansları çoxdur".
