Vitse-spiker: Bu rayonlarda iş yerlərinin açılması, infrastrukturun yaradılması büdcə asılılığını azaldacaq

20
Noy
2024
17:07

Dövlət büdcəsinin ən vacib məsələlərdən biri işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsi və vətəndaşlarımızın dədə-baba torpaqlarına qayıtmaları, o cümlədən  dövlətimizin müdafiəsi, milli təhlükəsizliyi, vətəndaşımızın  rahat yaşayışını təmin etməkdir.

Azreform.info xəbər verir ki, bunu Millə Məclis sədrinin müavini Musa Qasımlı Milli Məclis komitələrinin birgə komitəsinin 2025-ci il büdcəsinin müzakirəsi zamanı deyib.

Vitse-spiker bildirib ki, dövlətimizin siyasətində başlıca yerdə vətəndaşın mənafeyi, sosial rifahı dayandığından layihədə sosialyönümlü xərclərin artırılmasının proqnozlaşdırılması bilavasitə vətəndaşın həyat şəraitinin daha da yaxşılaşdırılması məqsədi daşıyır:

“ Millətimizin gələcəyi olan  və dövlətimizin siyasətində xüsusi yer tutan təhsil  ölkəmizin inkişafında və rəqabətə davamlılığının təmin edilməsində vacib sahələrdən biri olduğundan layihədə 2025-ci ildə təhsil xərclərinin artırılması proqnozlaşdırılır. 

Təhsilin hamı üçün əlçatan olması möhtərəm cənab Prezidentimiz İlham Əliyevin siyasətinin vacib tərkib hissələrindən biri olduğundan büdcə layihəsində təhsil xərclərinin 750 milyon 700 min manatının və ya 15, 2 faizinin ali təhsil və dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi üçün nəzərdə tutulması dövlətimizin vətəndaşlara, təhsil almaq istəyən hər bir şəxsə xüsusi qayğısının göstəricilərindən biridir.

Layihədə elmin inkişafına da xərclərin artırılması proqnozlaşdırılır.

Nəhayət, digər bir vacib məsələni də vurğulamağı lazım bilirəm. Layihədə kənd təsərrüfatı sahəsinə ayrılan vəsaitin artırılmasının  nəzərdə tutulması qeyri-neft sektorunun inkişafına və ərzaq təhlükəsizliyinin daha etibarlı təmin edilməsinə xidmət edəcəkdir. 

2024-cü ildə ölkəmizdəki 67 şəhər və rayondan 7 rayona – Cəbrayıl, Xocalı, Xocavənd, Kəlbəcər, Laçın, Zəngilan və Yardımlı rayonlarına dövlət büdcəsindən 9 milyon 350 min manat ayrılmışdısa,  2025-ci ildə 5 rayona - Cəbrayıl, Xocalı, Xocavənd, Kəlbəcər və Yardımlıya 5 milyon 287 min manat vəsaitin ayrılması nəzərdə tutulub. Bu rayonlarında iri kənd təsərrüfatı komplekslərinin qurulması, iş yerlərinin açılması, infrastrukturun yaradılması onların  dövlət büdcəsindən asılılığının azalmasına gətirəcəkdir”.

Mürtəza 
Azreform.info