Süd vəzi xərçənginə görə hər iki döşü əməliyyatla kəsilən qadının xərçəng olmadığı üzə çıxıb.
Azreform.info “haberler.com”a istinadla xəbər verir ki, hadisə Türkiyənin Kocaeli şəhərində yaşanıb.
Belə ki, 2017-ci ildə sinəsində kütlə hiss edərək Kocaelidəki özəl xəstəxanalardan birinə müraciət edən iki uşaq anası Çiğdem Kışlalı müxtəlif müayinələrdən keçib.
Qadın iddia edir ki, analizlərdən sonra ona süd vəzi xərçəngi diaqnozu qoyulub və xəstəliyin 5-ci mərhələdə olduğu bildirilib.
Ç.Kışlalıya vəziyyətinin pis olduğu deyilib və o fərqli tarxilərdə 3 dəfə cərrahi əməliiyat edilib və süd vəziləri götürülüb.
Əməliyyatdan bir müddət sonra ona kimyaterapiya və dərman verilmədiyini görən qadın vəziyyətdən şübhələnib. 52 yaşlı Ç.Kışlalı əməliyyatdan aylar sonra patoloji nəticəsini alıb.
Nəticələri araşdıran Kışlalı əməliyyat zamanı döş qəfəsindən alınan nümunələrdə xərçəng hüceyrələrinə rast gəlinmədiyini öyrənib.
Əməliyyat və müalicə prosesində xəstəxanaya 50 min lirədən çox pul ödəyən Kışlalı əlindəki sənədlərlə prokurorluğa gedərək həkim və xəstəxana idarəçilərindən şikayət edib və onlara qarşı məhkəmədə iddia qaldırıb.
6 ilə yaxın davam edən iş ötən il noyabrın 28-də yekunlaşıb. Məhkəmə, cavabdehin 25 min lirə maddi və 200 min lirə mənəvi təzminat ödəməsinə qərar verib.
Həm Çiğdem Kışlalı, həm də müttəhimlər vəkilləri vasitəsilə məhkəmə qərarına etiraz ediblər. Kışlalı vəkili vasitəsilə ona verilən təzminat məbləğinin çox az olduğunu bildirib, təqsirləndirilən şəxslərin vəkilləri isə prosesin natamam və səhv olduğunu bildirərək yuxarı instansiya məhkəməsinə müraciət edib.
Yuxarı instansiya isə məhkəmə qərarını ləğv edib. Qeyd edilib ki, iddiaçıya xərçəng diaqnozu qoymaq, aparılan əməliyyatları və bu prosesdə həkimlərin və xəstəxananın günahının olub-olmadığını araşdırmaq üçün universitetin professor-müəllim heyətindən ibarət üç nəfərdən ibarət ekspert komissiyası yaradılmalıdır.
Ötən gün baş tutan iclasda plastik-estetik cərrah, ümumi cərrah, ortopediya və travmatoloq, ginekoloq və onkoloqdan ibarət 5 nəfərlik ekspert komissiyaya rəy hazırlanması tapşırılıb və məhkəmə iclası təxirə salınıb.
Billurə