Azərbaycanda zeytun yağı niyə bahadır?

8
Okt
2024
09:28

"Nə vaxt ki, Azərbaycanda zeytun bolluğu yaranacaq, sahibkarlar baxacaqlar ki, ixrac edə bilmirlər, məhsul satılmır, o zaman qiymətin aşağı düşməsi haqqında fikirləşəcəklər. Yox, məhsul ixrac edilirsə, satılırsa, hansı sahibkar qiyməti endirər?".
 
Azreform.info xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Xalid Kərimli zeytun yağının bir litirinin qiymətinin 20 manata satılmasının səbəblərini izah edərkən deyib. 

Ekspert əvvəllər Azərbaycanda zeytun bağlarının olduğunu xatırladıb:

"Amma sonradan bu bağlar dağıdılmışdı. Son 10 ildə bu istiqamətdə müəyyən kənd təsərrüfatı fermerləri məşğuldurlar. Bağlar salınıb, amma ağaclar əkilən kimi zeytun vermir. Müəyyən bir müddət keçməlidir ki, zeytun ağacları bar versin. İkincisi, əsas zeytun ağaclarının çox bar verməsidir. Bağlarımız hələ məhsuldar dövrdə deyil".

Xalid Kərimli hesab edir ki, məhsul bol olsa qiymət aşağı düşməlidir:

"Ağacdan bir kiloqram zeytun yığsan qiymət fərqli, 20 kiloqram yığsan tam başqa cür olacaq. 20 kiloqram zeytun yığanda ağacların qulluq xərcləri və eyni zamanda bağın özünün də xərci aşağı düşür". 

Xalid Kərimli bildirib ki, Azərbaycana İspaniya, Türkiyə, Yunanıstandan zeytun yağları gətirilir:

"Bu yağlar Azərbaycana gətirilməsə, qiymətlər daha da baha olar. Xaricdən gətirilən zeytun yağları bazarda bir qiymət formalaşdırıb, yerli zeytun satıcıları da məhsulu həmin intervalda satırlar. Eyni zamanda məhsul bolluğu olmadığından daha baha satmaq istəyirlər".