Bu bakteriya 2050-ci ilə qədər 40 milyon insanı öldürəcək

24
Sen
2024
17:28

Sağlamlıqla bağlı edilən xəbərdarlıqlara daha biri əlavə edilib.

Ölkə.Az xəbər verir ki, bu barədə “Lancet” jurnalında araşdırma yayımlanıb.

Mikrobiologiya mütəxəssislərindən ibarət tədqiqat qrupu 204 ölkədə 30 illik xəstə qeydlərini araşdırıb. Alimlərin son araşdırmalarına görə, antibiotiklərə davamlı bakteriyalar güclənib.
Elm adamları, “xəstəxana mikrobları” da adlandırılan bu bakteriyalara görə 2050-ci ilə qədər təxminən 40 milyon insanın öləcəyini iddia edir.

Qeyd olunur ki, artıq antibiotiklər bakteriyalara təsir edə bilməyəcək.

Araşdırmalar zamanı yaşı 70-dən yuxarı olan xəstələrdə antibiotiklərə davamlı bakteriyalardan ölənlərin sayının 80% artdığı müşahidə edilib.

Növbəti 25 ildə antibiotiklərə davamlı infeksiyaların sayının 70% artacağı bildirilib.

Antibiotiklərə qarşı ən çox müqavimət göstərən bakteriyaların MRSA olaraq da bilinən "Staphylococcus aureus"dur. 1991-2021-ci illər arasında bu infeksiyaya bağlı ölümlər 2 dəfədən çox artaraq 130 mini keçib.

Adı çəkilən bakteriya xüsusilə reanimasiyada olan xəstələrdə qan zəhərlənməsi və hətta ölüm kimi ciddi fəsadlara səbəb ola bilir. Bu bakteriyanı gələcəkdə ən güclü antibiotiklərlə belə məhv etmək mümkün olmayacaq.

Məlumdur ki, antibiotiklərin lazımsız istifadəsi bakteriyaların müqavimətini sürətləndirir.

Alimlər xəbərdarlıq edirlər ki, antibiotiklərə davamlı bakteriyalar gücləndikcə ən sadə infeksiyalar belə gələcəkdə ölümcül ola bilər.

Billurə Yunus