Lənkəran rayon Rovu kəndinin sakinləri "Azeriqaz" İB-dən narazıdırlar

16
Sen
2024
09:07

Müstəqil Həmkarlar Birliyinə Mətbuat Xidmətinin məlumatına görə  daxil olan müraciətlərin əksər hissəsi bölgələrdəndir. Belə ki, yerli icra məmurlarının dili ilə desək, gözdən uzaq, qulaqdan iraq yerlərdə yaşayan sakinlərin səsi yerli icra orqanlarına çatmır, çatanda da bu insanların dərdinə çarə eləmək onların marağında olmadığı üçün özlərini eşitməməzliyə vururlar.

Mətbuat Xidmətinin məlumatında bildirilir ki, daxil olan belə müraciətlərdən biri də Lənkəran rayon Rovu kəndinin sakinlərindəndir. Kəndin mərkəzində hələ Sovet dövründə inzibati bina olub, sonradan yaşayış məqsədilə vətəndaşların istifadəsinə verilən binada 25 ailə yaşayır. Sakinlərin dediyinə görə bu günə qədər binada qaz xətti yoxdur. Azəriqaz buna səbəb olaraq binanın sahibinin olmamasını göstərir. Yəni binanın hansı dövlət qurumunun tabeliyində olması hələ də bəlli deyil. Sakinlər əvvəllər evlərini odun vasitəsilə qızdırırdılar. Son illər isə artıq meşələrdə odun qırımına belə icazə verilmədiyindən sakinlərin dediyinə görə yaxınlarının köməyi ilə rayonun müxtəlif yerlərindən tikinti materiallarının qalıqlarını alır, müxtəlif yollarla gətirilən odun almağa məcburdurlar.

Müraciətdə eynilə də bu kənddə yerləşən uşaq bağçasının qəzalı vəziyyətdə olduğunu qeyd olunub. Belə ki, kənd yerində insanlar öz sosial rifahını stabil saxlamaq üçün ailənin bütün üzvləri işləməyə məcbur olduğu üçün körpələri uşaq bağçalarına qoymaq məcburiyyəti yaranır. Uşaq bağçası isə qəzalı vəziyyətdədir .

Mətbuat Xidmətinin məlumatına görə, Müstəqil Həmkarlar Birliyinə daxil olan müraciətdə qeyd olunub ki, uzun müddətdir öz problemləri ilə yerli icra orqanlarına etdikləri müraciətlər cavabsız qaldığından sakinlər bildirib ki, yaxın günlərdə artıq toplaşıb, Bakıya öz etirazlarını bildirmək üçün gələcəklər.

Müstəqil Həmkarlar Birliyi öz növbəsində Lənkəran rayon Rovu kəndinin sakinlərinin müraciətini araşdırmaq üçün müvafiq orqanlara sorğu göndəriblər, Mətbuat Xidmətinin məlumatında bildirilib.