“Avropa İttifaqı bundan sonra Türkiyənin mövqeyini düzgün qiymətləndirməlidir”.
Azreform.info xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstan səfərindən qayıtdığı zaman təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Ərdoğan Avropa İttifaqının müharibə vəziyyətindəki Ukrayna və həmçinin Moldova ilə üzvlük danışıqlarına başlaması və Gürcüstana namizəd statusu verməsi ilə bağlı fikirlərini bildirib.
“Onlara namizəd statusunun verilməsi o demək deyil ki, gəlib Avropa İttifaqına üzv olacaqlar. Onlarla proses başladılacaq və bu proseslər də ləngiyəcək. Bu ölkələrin heç biri Türkiyə deyil. Avropa İttifaqının bundan sonra Türkiyənin mövqeyini düzgün qiymətləndirməsi lazımdır. Aİ-yə üzv olmağa bir çox üzv ölkədən daha hazır olan Türkiyənin illərdir siyasi maneələrə görə gözlədilməsi səhvdir. Türkiyənin istər strateji, istərsə də iqtisadi potensialı artıq çoxdan Avropa İttifaqına tamhüquqlu üzvlüyə imkan verdiyi halda, illərdir müxtəlif bəhanələrlə diqqətimizi yayındırırlar. Türkiyənin nə qədər əhəmiyyətli və nüfuzlu bir ölkə olduğu son illərdə yaşadığımız proseslər zamanı bir daha ortaya çıxdı. Artıq Avropa İttifaqı bu səhvdən əl çəkməlidir”, - deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib. ("Haber Global")