İsrail daha çox girovların azad edilməsi müqabilində HAMAS-la döyüşlərdə ikinci dəfə humanitar atəşkəsə hazırdır.
Azreform.info xəbər verir ki, bu barədə İsrail Prezidenti İsaak Herzoq 80 ölkədən bir qrup səfirlə görüşdə bildirib.
İsrail Prezidenti səfirləri Qəzzadakı müharibə haqqında məlumatlandırıb. O, beynəlxalq təşkilatları Qəzzaya yardımın çatdırılmasını asanlaşdırmaq üçün daha çox iş görməyə çağırıb.
"Humanitar yardımın miqdarı dərhal üç dəfə artırıla bilər" deyə o bildirib. Prezident Herzoq İsrailin Nitzana keçidində hər gün yüzlərlə yük avtomobilini yoxladığını, lakin BMT agentlikləri və digər tərəfdaşların prosesə uyğunlaşa bilmədiklərini, nəticədə ölkəyə gündə cəmi 125-100 yük maşının daxil olduğunu deyib.
"Birləşmiş Millətlər Təşkilatı və onun tərəfdaşlarının səyi ilə yük maşınlarının sayını asanlıqla üç dəfə artıra bilərsiniz. Dünya bilməlidir ki, siz gündə on minlərlə ton Qəzzaya daha çox göndərə bilərdiniz. İsrail Fələstin xalqı ilə müharibədə deyil, düşməni HAMAS terror təşkilatı ilə mübarizə aparır", - açıqlamada deyilir.
"Bir daha qeyd edə bilərəm ki, İsrail girovların azad edilməsi üçün növbəti humanitar fasiləyə və əlavə humanitar yardıma hazırdır. Və baş verənlərə görə məsuliyyət tamamilə Sinvarın və HAMAS rəhbərliyinin üzərinə düşür", - Herzoq səfirlərə deyib.
Xatırladaq ki, noyabr ayında 7 günlük humanitar atəşkəs nəticəsində 105 israilli girov azad olunub.