2023-cü ildə dünya silkələndi - Ən ölümcül zəlzələlər: Türkiyə, Mərakeş, Nepal...

19
Dek
2023
15:28

Bu il bir çox ölkə yaxın tarixdə ən ölümcül zəlzələlərin şahidi olub. Ən böyük zəlzələlərdən biri də fevralın 6-da Türkiyədə baş vermiş Kahramanmaraş mərkəzli zəlzələ olub.

Bakupost.az xəbər verir ki, 2023-cü ildə dünyada siyasətdən tutmuş fəlakətlərə və müharibələrə qədər bir çox hadisələr yaşandı. Bunlardan başlıcası yaddaşlarda qalan zəlzələlərdir.
 
 
 
2023-cü ilin ən şiddətli və ən ölümcül zəlzələsi Türkiyədə qeydə alınıb.
 
Fevralın 6-da episentri Kahramanmaraşın Pazarcık rayonu olan Türkiyədə 7,7 bal gücündə zəlzələ baş verib.
 
AFAD-ın məlumatına görə, 8,6 kilometr dərinlikdə baş verən zəlzələ Türkiyənin 11 vilayətində dağıntılara, Suriyada isə böyük dağıntı və tələfatlara səbəb olub. Zəlzələ bütün Türkiyə, Yaxın Şərq və Avropanın bir çox bölgəsində hiss olunub.
 
Həmin gün günorta saatlarında 7,6 bal gücündə ikinci zəlzələ bu dəfə episentri Kahramanmaraşın Elbistan rayonunda olub.
 
Bu zəlzələlərdə cəmi 50 min 500 adam həyatını itirdi, 100 mindən çox insan yaralandı, 7 min 248 bina dağıldı.
 
Zəlzələlər “Türkiyədə son 100 ilin ən ölümcül zəlzələsi” kimi qeydə alındığı üçün “100 ilin fəlakəti” adlandırılır.
 
 
 
 
İkinci ən böyük zəlzələ Mərakeşdə baş verib
 
Bu il ən çox insan ölümünə səbəb olan ikinci zəlzələ sentyabrın 8-nə keçən gecə Mərakeşdə baş verib.
 
Episentri Mərakeş şəhərinin Əl-Huz bölgəsində olan 7 bal gücündə zəlzələ nəticəsində 3 minə yaxın insan həyatını itirib, 6 mindən çox insan isə yaralanıb.
 
Rəsmi qurumların açıqlamalarında bölgə əhalisinin üçdə ikisinə bərabər olan 2,8 milyon insanın zəlzələdən zərər çəkdiyi, təxminən 60 min evin qismən və ya tamamilə dağıldığı bildirilib.
 
Mərakeş Milli Geofizika İnstitutunun prezidenti Nasser Cabur zəlzələni "ölkə tarixində son əsrdə baş verən ən böyük zəlzələ" kimi qiymətləndirib.
 
 
 
 
Əfqanıstanda 3-cü və 5-ci ən ölümcül zəlzələlər
 
Ən çox insan ölümünə səbəb olan bu il üçüncü zəlzələ oktyabrın 7-də Əfqanıstanın Herat şəhərində, İranla sərhəddə baş verib.
 
Bu zəlzələdən sonra ən böyüyü 6,3 bal gücündə olmaqla ardıcıl 4 zəlzələ baş verib və 5 baldan yuxarı bir çox afterşok qeydə alınıb.
 
Taliban müvəqqəti hökuməti zəlzələlərdə təxminən 2500 nəfərin həyatını itirdiyini, minlərlə insanın isə yaralandığını açıqlayıb.
 
Digər tərəfdən, martın 21-də Əfqanıstanın Hindukuş bölgəsində 6,5 bal gücündə zəlzələ baş verib. Pakistanda da hiss olunan zəlzələdə ümumilikdə 21 nəfər həyatını itirib. Bu zəlzələ “2023-cü ilin ən ölümcül 5-ci zəlzələsi” kimi qeydə alınıb.
 
Nepal da sarsıldı
 
Tarixlər noyabrın 3-ü göstərdikdə, episentri Nepalın Cumla bölgəsindən 42 kilometr cənubda olan 5,6 bal gücündə zəlzələ olduğu açıqlandı.
 
“Bu ilin ən ölümcül 4-cü zəlzələsi” olaraq qeydə alınan fəlakətdə 157 nəfər həyatını itirib, çoxlu sayda insan yaralanıb.
 
Güclü zəlzələlər Ekvador və Filippində də baş verib
 
2023-cü ildə ölənlərin sayının çox olduğu digər zəlzələlər Ekvador və Filippində qeydə alınıb.
 
Martın 18-də Ekvadorda baş verən 6,7 bal gücündə zəlzələdə 18 nəfər həyatını itirib.
 
Filippində noyabrın 17-də ölkənin cənubundakı Burias bölgəsində baş verən 6,7 bal gücündə zəlzələdə 11 nəfər həyatını itirib.
 
Xatırladaq ki, ötən gecə Çinin şimal-qərbindəki Qansu və Çinxay əyalətlərində 6.2 bal gücündə zəlzələ baş verib. Hadisə nəticəsində 116 nəfər ölüb.