"Bu gün Avrasiya coğrafiyasında geosiyasi maraqlar uğrunda aparılan gərgin mübarizələr nəticəsində yaranan böhranlar bu coğrafiyadakı ölkələrin nəinki inkişafına, o cümlədən təhlükəsizliklərinə ciddi təhdidlər və risklər yaratmaqdadır. Bu mübarizələr birbaşa və dolayı yolla Azərbaycana da öz təsirlərini göstərməkdədir. Prezident İlham Əliyev gərgin geosiyasi maraqlar uğrunda gedən savaşlardan Azərbaycanın xeyrinə nail olmaq üçün çevik siyasət yürüdür. Bunun nəticəsidir ki, ölkəmiz Prezident İlham Əliyevin liderliyi altında nəinki böhranlardan yan keçərək Azərbaycanın inkişafına nail olub, təhlükəsizlik sisteminin daha da etibarlı şəkildə müdafiəsini təmin edir, o cümlədən təkcə Cənubi Qafqazda deyil, digər bölgələrdə də yeni geosiyasi reallıqlarına yaradılmasında ciddi oyunçu rolunda iştirak etməkdədir. Bunun nəticəsidir ki, Azərbaycan Qərblə Şərq arasında etibarlı məkan rolunu oynamaqdadır. Bir sözlə, Prezident İlham Əliyev bu mürəkkəb geosiyasi savaşlardan məharətlə istifadə etməklə Azərbaycanın qarşısındakı ən mürəkkəb problemləri həll edərək ərazi bütövlüyünü, suverenliyini təmin edib, qarşısında duran digər hədəflərə nail olmaq istiqamətində uğurlar əldə etməkdədir".
Bunu Azreform.info -a açıqlamasında VI çağıdış Milli Məclisin üzvü İltizam Yusifov deyib.
O deyib ki, yürüdülən uğurlu xarici siyasət nəticəsində Azərbaycan yeni dünya düzənində ciddi oyunçuya çevrilməkdədir: "Bu mürəkkəb situasiyada bölgədəki bütün maraqlı güclərin maraqlarını uzlaşdırmaqla Şərqlə Qərb, Şimalla Cənub arasında yerləşdiyi coğrafi məkanı uğrulu bir logistik mərkəzə çevriməklə Azərbaycanın qarşısındakı hədəflərinə nail olunması istiqamətində irəliyə doğru inamlı addımlar atamaqdadır. Ona görə də Azərbaycan ən müxtəlif platformalarda cəlbedici tərəfdaş kimi qəbul edilir və hətta bir-birinə əks cəbhədə olan güclər belə ölkəmizlə əməkdaşlığa ciddi maraq göstərir. Bu da Azərbaycanın qlobal geosiyasi oyunlardakı rolunun artmasına yeni imkanlar və fürsətlər yaradır.
Bu gün Mərkəzi Asiya bölgəsi dünya güclərinin əsas diqqət mərkəzində olan bölgədir. İstər bölgədəki ənənəvi oyunçular, istərsə də bölgədən çox uzaqda yerləşən güclər Mərkəzi Asiya uğrunda ciddi mübarizə aparmaqdadırlar. Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın da maraq dairəsində olmaqla, bərabər gələcək inkişaf strategiyasının təməl prinsipidir. Bunu şərtləndirən bir çox faktor var.
Birincisi, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında tarixi, milli-mədəni, dini bağlar mövcuddur. Bu ölkələr əsasən türkdilli və müsəlman dövlətlərdir.
İkincisi, Mərkəzi Asiya ölkələrinin bir çoxu Xəzər hövzəsi ölkəsi olduğundan eyni coğrafi məkandadırlar.
Üçüncüsü, Cənubi Qafqazla Mərkəzi Asiya qonşu bölgədir.
Dördüncüsü, Mərkəzi Asiya ölkələrinin əksəriyyəti Türk Dövlətlər Təşkilatının üzvüdür. Azərbaycanla Mərkəzi Asiya ölkələri eyni çoxsaylı beynəlxalq və regional təşkilatların üzvləri olaraq birgə əməkdaşlıq edirlər.
Beşincisi, Azərbaycan da daxil olmaqla Mərkəzi Asiya ölkələri tarixi "İpək Yolu" üzərində yerləşir.
Bütün bu və digər amillər Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlığı zəruri edir. Ona görə də Mərkəzi Asiya ölkələri ilə əməkdşalığın ən yüksək səviyyəyə qaldırılması Azərbaycanın xarici siyasətinin prioriteti hesab olunur.
Prezident İlham Əliyev də 2024-cü ilin fevralında keçirilən prezident seçkilərindən sonrakı andiçmə mərasimində bəyan edib ki, beynəlxalq təşkilatlarla əməkdaşlıq zamanı ilk növbədə Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik: "Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır".
Son illərdə Azərbaycanla Özbəkistan arasındakı sıx əməkdşalığın kökündə yuxarıda sadaladığımız amillər dayanır. Yürüdülən uğurlu siyasət nəticəsində Azərbaycanla Özbəkistan arasındakı əlaqələr müttəfiqlik münasibətləri səviyyəsinə qalxdı. Prezident İlham Əliyevin ötən həftə Özbəkistana dövlət səfəri zamanı iki ölkə arasında müttəfqilik haqqında sənəd imzalandı. Bu sənəd təkcə iki ölkə arasındakı münasibətlərin inkişafına deyil, bütövlükdə Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionları vahid geosiyasi regiona çevrilməsinə öz töhfəsini verəcək. Bu da Azərbaycanın qarşısındakı hədəflərin uğurla həyata keçməsinə imkanlar açacaq. Bu eyni zamanda Azərbaycanın qlobal səviyyədə daha ciddi oyunçu olmasına, bölgədə gedən proseslərdə Azərbaycanın şərtlərini diktə edib qəbul etdirilməsində gücünə əlavə güc qatmış olacaq. Bu həm də Azərbaycanın hədəflərinə nail olub ölkənin bütün sahələrdə sürətli inkişafına, potensial riskləri dəf edib təhlükəsizliyinin daha etibarlı şəkildə təmin olunmasına, müstəqil dövlət kimi daha da güclənib, qüdrətlənib beynəlxalq aləmdə ciddi söz sahibi olan nüfuzlu ölkəyə çevrilməsində öz töhfəsini verəcək".
Mürtəza
Azreform.info