“Azərbaycana rəsmi səfərə gələn Rusiya Prezidenti Putini müşayət edən nümayəndə heyətinin tərkibi Azərbaycanla ikitərəfli münasibətlərin davam və inkişaf etdirilməsində ciddi niyyətlərdən xəbər verir”.
Azərbaycanın eks-prezidentliyə namizədi, ictimai xadim Fuad Əliyev Rusiya prezidenti V.Putinin dövlət səfərini
PolitRus-a belə şərh edib.
Fuad Əliyev hesab edir ki, bu səfər Azərbaycan və Rusiya arasında ikitərəfli və dostluq münasibətlərini dərinləşdirəcək:
“Rusiya Prezidenti Putinlə gələn nümayəndə heyətinin tərkibi Azərbaycanla ikitərəfli münasibətlərin davam və inkişaf etdirilməsində ciddi niyyətlərdən xəbər verir. Bu tarixi səfər iki ölkə arasında dostluq və müttəfiqlik münasibətlərinin inkişafına töhfə verəcək. Prezident İlham Əliyevin və Prezident Vladimir Putinin iqtisadi, sosial və mədəni sahədə inkişafı dərinləşdirmək istəyini ancaq alqışlamaq olar”.
Fuad Əliyevin sözlərinə görə, Prezident İlham Əliyevin düzgün xarici siyasəti Azərbaycana sülh gətirib:
“Biz Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsinin və ölkənin tam suverenliyinin şahidi olduq. Bu, müharibədə şəhid olan əsgər və zabitlərin böyük xidmətidir. Amma Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi olmasaydı, ərazilərin işğaldan azad edilməsinin şahidi olmazdıq. Ordunun döyüş hazırlığının gücləndirilməsində çox böyük işlər görüb. Həmçinin İlham Əliyev dövlət başçısı kimi uzun illər dünyanın aparıcı dövlətlərlə danışıqlar aparıb, bu danışıqlarda ölkəmizin işğalı ilə bağlı həqiqətləri çatdırıb. Bu da öz nəticəsini verdi”.
Fual Əliyevin sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi yalnız Rusiyanın köməyi ilə əldə edilə bilər və əldə olunacaq:
“Biz ATƏT-in Minsk qrupunun 30 ilə yaxındır münaqişənin həllini necə dondurduğunun şahidi olduq. Minsk Qrupuna daxil olan Rusiya bu münaqişənin həllini səmimiyyətlə istəyən yeganə ölkə idi. ABŞ və Fransa nəinki bunun qarşısını aldılar, hətta Ermənistana hər cür kömək etdilər. Biz bunu 44 günlük müharibədə açıq formada gördük. Rusiya isə əksinə, bitərəf idi və tərəfləri sülhə çağırırdı. İndi də Azərbaycan və Ermənistan nümayəndələri arasında sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqların getdiyi bir zamanda, Qərb yenə də bunun qarşısını almağa çalışır. Azərbaycan, Rusiya və Ermənistan arasında 2020-ci ildə imzalanmış üçtərəfli sənəd var. Orada hər şey yazılıb və necə yazılıbsa belə də olacaq. Və praktiki olaraq əksəriyyəti artıq həyata keçirilib. Zəngəzurdan keçən yolu açmaq qalır. Və düşünürəm ki, bu, tezliklə baş verəcək. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi isə 2020-ci ildə imzalanmış üçtərəfli sazişin davamı olacaq. Və mən inanıram ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi yalnız Rusiyanın köməyi ilə əldə edilə bilər və olacaq”.