"Qarabağ"dan milyonluq transfer - Müqavilə üçün Bakıya gəlir

13
Avq
2024
11:14

"Qarabağ”ın heyətinə qatmaq istədiyi qapıçı Mateuş Koxalski Azərbaycana gələcək.

Sportinfo.az xəbər verir ki, polşalı qolkiper bu həftə Bakıda olacaq.

Bu barədə Polşa mətbuatı məlumat yayıb. Bildirilib ki, "Stal”ın 24 yaşlı qolkiperi paytaxtımızla tanış olmaq niyyətindədir. Azərbaycana gəlişində digər məqsəd isə "Qarabağ”ın bazasını görməkdir.

Polşalılar danışıqların müsbət nəticələnmək üzrə olduğunu qeyd ediblər.

Yazılanlara görə, "Qarabağ” bu keçidin baş tutması müqabilində "Stal"a 1 milyon avroya yaxın məbləğdə pul ödəyəcək. Yekun qərarı Bakını görməyə və klubla yaxından tanış olmağa gələn Koxalski verəcək.

Karyerası ərzində "Legiya” və "Radomiak”da da oynamış Koxalski 2022-ci ildən "Stal”ın üzvüdür. Onun hazırkı komandası ilə 2025-ci ilin yayınadək müqaviləsi var.

Koxalski Ekstraklasanın 2023/24 mövsümündə 33 matçda meydana çıxıb.