Zeynəb Hümmətova: Tarixi nəticəyə imza atdıq

10
Avq
2024
19:07

Azərbaycanı layiqincə təmsil etdiyimizə görə çox sevinirik. Əlimizdən gələni etdik, tarixi nəticəyə imza atdıq.

"Report"un Parisə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandasının üzvü Zeynəb Hümmətova kollektivin Fransanın paytaxtında keçirilən Yay Olimpiya Oyunlarında göstərdiyi nəticədən sonra jurnalistlərə açıqlamasında deyib.

O, möhtəşəm dəstək gördüklərini söyləyib:

"Başda Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyi olmaqla, bütün məşqçilərə, xareoqraflara, hamıya minnətdarlığımı bildirirəm. Arenada olan müsbət ab-hava da çıxışımıza yaxşı təsir etdi. Azarkeşlər bizi dayanmadan dəstəkləyirdilər. Burada bütün Azərbaycanın dəstəyini hiss edirdik. Ümid edirəm ki, bizə güvənənlərin etimadını doğrultduq".

Qeyd edək ki, təmsilçimiz Paris olimpiadasında 5-ci pilləni tutub. Bu isə Azərbaycan gimnastika tarixində ən yüksək nəticə olub. Buna qədər isə komandamız Pekin-2008-də 7-ci, Tokio-2020 Yay Olimpiya Oyunlarında isə 10-cu olmuşdu. Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.