Əlilliyi olan şəxslərin əmək hüquqları

29
İyl
2024
08:25

Əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmasını təmin etmək işəgötürənin əsas vəzifələrindən biridir.

Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə yol verilmir.

Vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlilliyi müəyyən edilmiş işçilər attestasiya olunmur. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.İşəgötürən tərəfindən müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir.1-ci, 2-ci dərəcə əlilliyi olan işçilər üçün iş saatı həftəlik 36 saatdan artıq olmamalıdır. Əlilliyi olan işçilər gecə vaxtı görülən işlərə yalnız onların yazılı razılığı ilə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınmaqla cəlb edilə bilərlər.

İşçinin səhhəti və fizioloji vəziyyəti (hamiləlik, əlillik, o cümlədən 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu), habelə xroniki xəstəliyi olan uşağının və digər ailə üzvünün səhhəti müvafiq tibbi rəyə görə əmək funksiyasının natamam iş vaxtında yerinə yetirilməsini tələb edərsə, habelə on dörd yaşına çatmamış, yaxud sağlamlıq imkanları məhdud uşağı olan qadınlara ərizələrilə işəgötürən natamam iş vaxtı (iş günü, yaxud iş həftəsi) müəyyən etməlidir.Əlilliyin dərəcəsindən, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlilliyi olan, o cümlədən sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə əmək məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilir. Onlara bir iş ilində özlərinin xahişi ilə bir təqvim ayınadək ödənişsiz məzuniyyət verilir. Əlilliyi olan şəxslərə əmək məzuniyyəti onların arzusu ilə onlar üçün əlverişli olan vaxtda verilə bilər.

Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov əlilliyi olan şəxslərin əmək hüquqları və onlara verilən güzəştlərini geniş formada şərh edib.
O, qeyd edib ki, Əmək Məcəlləsinin 16-cı maddəsinə əsasən, qadınlara, əlilliyi olan şəxslərə, yaşı 18-dən az olan və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir. Əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmaq, o cümlədən açıq, inklüziv və müyəssər iş şəraitində sərbəst seçdiyi və ya qəbul etdiyi əmək bazarında iştirak etməklə öz yaşayışını təmin etmək hüququ vardır.

Əmək münasibətlərində əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol verilməsi, habelə kollektiv və əmək müqavilələrində digər işçilərlə münasibətdə əlilliyi olan şəxslərin əmək hüquqlarının məhdudlaşdırlması qadağandır. Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir.

Əlililiyi olan şəxslərin aşağıdakı hüquqları vardır:
- Əmək Məcəlləsinin 16-cı maddəsinə əsasən, əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizlivi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, yəzifəyə) keçirilməsinə yol verilmir;
- Əmək Məcəlləsinin 66-ci maddəsinə əsasən, Vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlilliyi müəyyən edilmiş işçilər attestasiya olunmur;
- Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər;
- Əmək Məcəlləsinin 91-ci maddəsinə əsasən, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş işçilər üçün üçün qısaldılmış iş vaxtının müddəti həftə ərzində 36 saatdan artıq olmamalıdır;
- Əmək Məcəlləsinin 94-cü maddəsinə əsasən, işçinin səhhəti və fizioloji vəziyyəti (hamiləlik, əlillik), habelə xroniki xəstəliyi olan uşağının və digər ailə üzvünün səhhəti müvafiq tibbi rəyə görə əmək funksiyasının natamam iş vaxtında yerinə yetirilməsini tələb edərsə, habelə on dörd yaşına çatmamış, yaxud sağlamlıq imkanları məhdud uşağı olan qadınlara ərizələr ilə işəgötürən natamam iş vaxtı ( iş günü, yaxud iş həftəsi) müəyyən etməlidir;
- Əmək Məcəlləsinin 98-ci maddəsinə əsasən, əlilliyi olan işçilər gecə vaxtı görülən işlərə yalnız onların yazılı razılığı ilə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınmaqla cəlb edilə bilərlər.
- Əmək Məcəlləsinin 119-cu maddəsinə əsasən, əlilliyin dərəcəsindən, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlilliyi olan, o cümlədən sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə əmək məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilir;
- Əmək Məcəlləsinin 130-cu maddəsinə əsasən, orqanizmin funksiyalarının pozulması faizindən və səbəbindən asılı olmayaraq əlilliyi olan işçilərə bir təqvim ayınadək işçilərin xahişi ilə ödənişsiz məzuniyyət verilir;
- Əmək Məcəllasının 131-ci maddəsinə əsasən, əlillik dərəcəsi olan şəxslərin əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ vardır;
- Əmək Məcəlləsinin 133-cü maddəsinə əsasən, əlillik dərəcəsi olan işçilərə məzuniyyət özlərinin arzusu ilə onlar üçün əlverişli olan vaxtda verilməlidir;
- Vergi Məcəlləsinin 102.3-cü maddəsinə əsasən, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş (müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla), 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Misal: Dövlət müəssisəsində çalışan işçinin aylıq əməkhaqqı məbləği 1300 manatdır. İşçi qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı alan şəxs olmaqla yanaşı, II dərəcə əlilliyi olan şəxsdir. Himayəsində 18 yaşadək 3 uşaq var. Onun əməkhaqqından vergi hesablanarkən nə qədər güzəşt edilməlidir?
Həmin işçinin vergiyə cəlb edilən gəlirindən aşağıdakı məbləğlər çıxılacaq:
- 200 manat - Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən tətbiq edilən azadolma;
- 400 manat - Qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxs olduğu üçün Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən verilmiş güzəşt;
- 50 manat - Himayəsində olan uşaqların sayına görə Vergi Məcəlləsinin 102.5 ci maddəsinə əsasən verilmiş güzəşt.

Deməli, həmin işçinin vergi tutulan gəliri 650 manat olacaq:
1300 - 200 - 400 - 50 = 650 manat.
Əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir. Fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.
Qeyd edək ki, əlilliyi olan şəxslərə, yaşı 18-dən az olan və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir.

Cavid

Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən “Əmək hüquqları üzrə maarifləndirmə” layihəsi çərçivəsində hazırlanıb. Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir