İlham Əliyevə rəqib olacaq namizəd yoxdur - Şahin İsmayılov

15
Dek
2023
19:56

“Yeni Azərbaycan Partiyası (YAP) 7 fevral 2024-cü ildə keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini irəli sürüb və bununla bağlı qərar yekdiliklə qəbul edilib. Bu qərar  xalqın gözlədiyi qərar olduğundan onun mövqeyini tam əks etdirir. Çünki Azərbaycan xalqının mütləq əksəriyyəti növbəti mərhələdə cənab İlham Əliyevi yenidən ölkə başçısı görmək arzusundadır. Bu da təsadüfi deyil. Çünki cənab Prezident Azərbaycana rəhbərlik etdiyi 20 il müddətində nəinki qarşısına qoyduğu öhdəlikləri, o cümlədən xalqımızın xəyal etdiyi problemləri həll edib. Məhz cənab Prezidentin yürütdüyü müdrik, uzaqgörən, qətiyyətli siyasət nəticəsində Azərbaycan işğala son verərək ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Qarabağ kimi yüz il davam edən ən mürəkkəb münaqişəyə son verib”.

Bunu Azreform.info -a açıqlamasında YAP İdarə Heyətinin üzvü, deputat Şahin İsmayılov partiyanın növbədənkənar prezident seçkilərində namizədini irəli sürülməsi ilə bağlı qərarını şərh edərkən deyib.

Deputat əlavə edib ki, digər siyasi qüvvələr, birliklər, qanunvericiliyin tələbinə uyğun istənilən Azərbaycan vətəndaşı seçkilərdə iştirak etmək hüququna malikdir: "Buyursunlar, Azərbaycan demokratik, hüquqi ölkə olduğundan seçkilər tam azad, ədalətli, şəffaf şəkildə keçirilir və onlar da öz şanslarını sınasınlar. Amma bir şeyi də qeyd etmək istərdim ki, bu gün Azərbaycanda seçki marafonunda cənab İlham Əliyevə rəqib olacaq ikinci bir şəxs yoxdur. Bu hamıya aydın olan məsələdir.

Çünki cənab İlham Əliyevin liderliyi altında son 20 ildə Azərbaycan möhtəşəm nailiyyətlərə, uğurlara və qələbələrə imza ataraq tarixi zəfərlər qazanıb. Cənab İlham Əliyev nəinki Azərbaycanda, beynəlxalq aləmdə böyük nüfuz sahibidir. Cənad Prezident müasir dövrün dünya lideri kimi qəbul edilir. Bunu Avropa ölkələrinin liderləri özü belə etiraf edir. 

7 fevralda keçiriləcək prezident seçkiləri isə növbəti zəfərlərin davamı olacaq. Əminəm ki, xalq cənab Prezident İlham Əliyevin ətrafında bir yumruq kimi birliyini bir daha nümayiş etdirib ona səs verməklə növbəti tarixi qələbələrin, zəfərlərin, uğurların və yeni  inkişaf mərhələsinin əsasını qoymuş olacaq. 7 fevraldan sonra biz Azərbaycanın yeni inkişaf mərhələsinin şahidi olacağıq”.

Mürtəza
Azreform.info