Bu, Bakının BMT TŞ və Qoşulmama Hərəkatına sədrlikdən sonra ən böyük uğurudur - AÇIQLAMA

14
Dek
2023
20:07

“Son illərdə baş verən iqlim dəyişiklikləri təkcə dünyanın aparıcı ölkələrini deyil, o cümlədən Azərbaycanı da ciddi narahat etməkdədir. Azərbaycan beynəlxalq aləmi ciddi narahat edən bu problemi özünün milli prioriteti hesab edir. Azərbaycan iqlim dəyişikliklərinə qarşı qlobal mübarizəni sistemli olaraq dəstəkləyir və enerji səmərəliliyi ilə bağlı praktik addımlar atmaqdadır. Bu məqsədlə  “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ini qəbul edib. Həmin sənədin 5-ci bəndi məhz “Təmiz ətraf mühit və yaşıl inkişaf ölkəsi” adlanır ki, burada elmi-texniki nailiyyətlərə əsaslanaraq, iqtisadiyyatın bütün sahələrində bərpa olunan enerji mənbələrinin xüsusi çəkisini artırmaqla iqlim dəyişikliyinin təsirləri azaldılması əksini tapıb”.

Bunu Azreform.info -a açıqlamasında Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü, deputat İltizam Yusifov deyib.

O bildirib ki, ölkə başçısının bu sahədə yürütdüyü məqsədyönlü siyasət nəticəsində təmiz ətraf mühit və yaşıl inkişaf məqsədi ilə reallaşdırılan bərpa olunan enerji Azərbaycanda geniş vüsət almaqdadır: “Bu gün Azərbaycan enerji potensialını şaxələndirməklə daha çox alternativ enerji mənbəyi olan “yaşıl enerji”yə keçidə üstünlük verməkdədir. Azərbaycanın neft-qaz sahəsində olduğu kimi, alternativ bərpa olunan enerji sahəsində də böyük potensiala malikdir. Mövcud potensialdan istifadə etməklə həm ölkənin iqtisadi gücünə əlavə güc qatmaq, həm də qlobal iqlim dəyişikliyinə öz töhfəsini vermək üçün bu sahəyə böyük diqqət yeririb sərmayə yatırmaqdadır. Artıq xarici investorlar bu sahəyə böyük sərmayə qoymaqdadır. Yürüdülən məqsədyönlü siaysət nəticəsində Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarının 40 faiz azaldılmasından ibarətdir. Azərbaycan Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.

Azərbaycan alternativ bərpa olunan enerjiyə keçməklə təkcə öz ölkəmizin təmiz ətraf mühiti təmin etmək deyil, həm də bu sahədə də enerji ixracatçısı ölkəsinə çevirilməyi qarşısına hədəf qoyub. Azərbaycan artıq Gürcüstan, Bolqarıstan və Rumıniya ilə saziş də imzalayıb. Gələcəkdə bu ölkələrin sayının çoxalması da gözlənilir. Bu yolla Azərbaycan qlobal iqlim dəyişikliynə qarşı mübarizədə öz töhfəsini verib, Avropanın enerjiyə olan təlabatını şaxələndirməklə, onun enerji təhlükəsizliyinin daha etibarlı şəkidlə təmin olunmasında xüsusi rol oynamış olacaq.

Növbəti addım kimi, Azərbaycan iqlim dəyişikliklərinə qarşı mübarizə üzrə qlobal səylərə öz praktik töhfəsini vermək məqsədilə 2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-cu sessiyasına ev sahibliyi edəcək. Belə bir mötəbər beynəlxalq tədbirə Azərbaycanın ev sahibliyi etməsi çox mühüm əhəmiyyət kəsb edir. Bu Azərbaycana olan beynəlxalq münasibət göstəricisidir. Çünki sessiyanın keçirilməsinə ev sahibliyi edilməsi ilə bağlı digər namizəd ölkələr olub, ancaq onlar arasında Azərbaycan seçilib. Belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı cənab Prezident özü də sosial şəbəkədə paylaşım edərək onun əhəmiyyətini qeyd edib.

“Azərbaycan iqlim dəyişikliklərinə qarşı qlobal mübarizəni sistemli olaraq dəstəkləyir və enerji səmərəliliyi ilə bağlı tədbirlər görür. Təmiz ətraf mühit və yaşıl inkişaf bizim milli prioritetlərimizdir. Bərpa olunan enerji Azərbaycanda geniş vüsət almağa başlayır” - Prezident bildirib.

Azərbaycanın dünyanın mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsi, ölkə başçısının həyata keçirdiyi siyasətin növbəti təntənəsi, BMT Təhlükəsizlik Şurasına üzvlüyümüz və Qoşulmama Hərəkatına sədrliyimizdən sonra ən böyük uğurudur.

COP29-un Azərbaycanda keçirilməsi, beynəlxalq aləmin dövrümüzün aktual probleminin həllində birgə səylərin ortaya qoyulması və diqqətin cəlb edilməsi baxımdan xüsusi rol oynayacaq. Artıq Azərbaycanın COVID-19 pandemiyası dövründə qlobal problemlərin həllində beynəlxalq birliyin birgə səyini səfərbər etməsi baxımdan təcrübə əldə edib və bu da çox uğurla nəticələnib. Azərbaycanın təşəbbüsü nəticəsində pandemiyaya qarşı BMT-nin xüsusi sessiyası keçirilib. Əminliklə qeyd edə bilərəm ki, Azərbaycan bu sahənin həllinə öz töhfəsini verməklə ciddi uğurlara imza atmış olacaq”.

Mürtəza
Azreform.info