Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xalq artisti Ramiz Məlikin dəfn mərasiminə əklil göndərib.
Azreform.info xəbər verir ki, əklil sənətçinin məzarı üzərinə qoyulacaq.
Mərhum II Fəxri xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, R.Məlik 80 yaşında dünyasını dəyişib.
Ramiz Məlikov 4 avqust 1943-cü ildə Bakıda doğulub. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rza Təhmasibdən, Tofiq Kazımovdan, Məlik Dadaşovdan dərs alıb. 1967-ci ildə həmin ali təhsil ocağının məzunu olub.
1967-ci ildə Akademik Milli Dram Teatrının truppasına aktyor götürülüb. Aktyorluq etməklə yanaşı, Əkrəm Əylislinin "Yastı təpə" (quruluşçu rejissor Tofiq Kazımov), Leonard Frankın "Yad adam" (quruluşçu rejissor Oruc Qurbanov), İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" (quruluşçu rejissor Mərahim Fərzəlibəyov) və s. pyeslərinin tamaşaya hazırlanmasında rejissor və rejissor assistenti kimi çalışıb.
Ramiz Məlik Azərbaycan Dövlət Televiziyasının hazırladığı Ənvər Məmmədxanlının "Şərqin şəhəri" (Bəhruz), Əlibala Hacızadənin "İnanmırsansa…"(Adil) , Nəriman Həsənzadənin "Kimin sualı var?" (Ədalət) və s. əsərlərin tamaşalarında oynayıb.
O, 1984-cü ildə Azərbaycan Dövlət mükafatına layiq görülüb. 1982-ci ildə Əməkdar artisti, 1998-ci ildə isə Xalq artisti fəxri adları ilə təltif olunub.