Beynin qocalmasını ləngidən qidalar müəyyən edildi

3
İyn
2024
18:49

Alimlər beynin qocalmasını ləngidən qidaları müəyyən ediblər. Nəticələr əsasən Aralıq dənizi pəhrizinə uyğun gəlib.

Əvvəlki araşdırmalar tərəvəz və meyvələrlə zəngin olan Aralıq dənizi pəhrizinin Alzheimer və demans riskinin azalması və sağlam beyin ilə əlaqəli olduğunu göstərmişdi.
Medicina.az xəbər verir ki, “Nature Aging” elmi jurnalında dərc edilən yeni araşdırma üçün tədqiqatçılar 65-75 yaş arası 100 nəfərin pəhrizini araşdırıblar. Həmçinin iştirakçıların qan nümunələri analiz edilib və onların ümumi sağlamlıq vəziyyətlərinə baxılıb. İştirakçılar daha sonra koqnitiv testlərdən və MRT müayinəsindən keçiblər.
Alimlər bu insanlarda iki növ beyin qocalmasını müşahidə ediblər: sürətli və yavaş. Balıq və zeytun yağında olan yağ turşuları, ispanaq və badamdakı E vitamini kimi antioksidantlar, yerkökü və balqabaqdakı karotenoidlər, yumurta sarısı və soya paxlasında olan xolin kimi qida maddələrinin beyin qocalması yavaş olan insanların qidalanma profilində ön plana çıxdığı aşkar edilib.
Tədqiqatçılar deyirlər ki, bunlar Aralıq dənizi pəhrizində olanlara çox oxşar qida maddələridir. Tam taxıl və zeytun yağı ilə zəngin olan bu pəhrizdə tərəvəz və meyvələrlə yanaşı, balıq və pendir də orta miqdarda yeyilir. Qırmızı və işlənmiş ət çox məhdud miqdarda istehlak olunur.
Araşdırmanı aparan nevroloq Eron Barbey tapıntıları belə qiymətləndirir:

“Bu nəticələr həmin faydalı qidalarla zəngin qidalanmağa əsaslanan Aralıq dənizi pəhrizinin sağlamlığa müsbət təsirlərini nümayiş etdirən geniş tədqiqatlara uyğundur”.

Komanda qidalanma və beyin yaşlanması arasındakı əlaqəni daha yaxşı araşdırmaq üçün klinik tədqiqatlar aparmağı planlaşdırır. Bu tədqiqatlar Alzheimer kimi təhlükəli nörodejenerativ xəstəliklər riskini sadəcə qidalanmada kiçik dəyişikliklərlə azaltmağın yollarını tapmaqda mühüm əhəmiyyət kəsb edir.